logo

Mayya Sandu yenidən Moldova prezidenti seçilib

13:13 04-11-2024 | icon 322
Mayya Sandu yenidən Moldova prezidenti seçilib

Moldovanın hazırkı prezidenti Mayya Sandu noyabrın 3-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

YeniAvropa xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan ilkin məlumatlara görə, bu gün səhərədək səsvermə protokollarının 99,86 faizi hesablanıb. Mayya Sandu 55,41 faiz, onun rəqibi, Moldovanın sabiq baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,59 faiz səs toplayıb.

Moldovada keçirilən seçkilərdə 1 milyon 679 min 293 seçici iştirak edib. Seçkidə iştirak səviyyəsi 54,31 faiz olub.

Müxalifətin Sosialistlər partiyasının namizədi Aleksandr Stoyanoqlo məğlubiyyətini etiraf edərək, verdikləri dəstəyə görə tərəfdarlarına təşəkkür edib.

Mayya Sandu Moldova daxilində keçirilən seçkilərdə 48,81 faiz, Aleksandr Stoyanoqlo isə 51,19 faiz səs toplayıb. Müxalifətin təmsilçisi Qaqauz muxtariyyətində 97 faiz, Dnestryanı bölgədə isə təxminən 80 faizə yaxın səs toplayıb.

Ölkənin hazırkı prezidenti rəqibinə xarici ölkələrdə keçirilən səsvermə sayəsində qalib gəlib. Xaricdə yaşayan və seçkilərdə iştirak edən 328 min 877 moldovalı ümumi seçicilərin 20 faizindən çoxunu təşkil edir və onların 270 mindən çoxu (83 faizi) Mayya Sanduya səs verib.