logo

Bakıda restoran və dönərxanalara at əti satan şəxs saxlanılıb

15:15 23-12-2022 | icon 1736
Bakıda restoran və dönərxanalara at əti satan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Biləsuvar rayonunda qidaya yararsız, ölü at və iribuynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov saxlanılıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumatlara görə, araşdırma zamanı müəyyənləşdirilib ki, həmin şəxs Biləsuvar və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində toplayıb və kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Zaur Rüstəmov tərəfindən Bakıda fəaliyyət göstərən müxtəlif restoran, dönərxana və ictimai iaşə obyektlərinə satılıb.

Baş İdarənin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Zaur Rüstəmova məxsus fermaya və saxlama yerlərinə baxış keçirərkən qidaya yararsız külli miqdarda mal və at əti aşkarlanaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiqlənib.

Faktla bağlı araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.