logo

“2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi ilə bağlı ictimai müzakirə təşkil olunub

19:20 23-12-2022 | icon 1715
“2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi ilə bağlı ictimai müzakirə təşkil olunub

Dekabrın 23-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə ictimai müzakirə keçirilib.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, ictimai müzakirədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının (Ombudsman), Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın məsul əməkdaşlarının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva tədbirdə açılış nitqi ilə çıxış edib. O, Agentliyin 2021-2022-ci illərdə elan etdiyi müsabiqə mövzuları və qeyri-hökumət təşkilatlarının ən çox müraciət etdiyi istiqamətlər üzrə məlumat verib. Bildirilib ki, Agentlik hər il QHT-lərin təklifi ilə aktual mövzuları və onların çoxsahəli fəaliyyətini əhatə etməyə çalışır.

Bu ictimai müzakirənin keçirilməsinin əsas məqsədi isə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətinin təşviq edilməsi, ictimai həyatın bütün sahələrində cəmiyyətdə qaldırılan məsələlərin həlli istiqamətində daha effektiv nəticələrə nail olunmasıdır. Azərbaycanda dövlət-vətəndaş cəmiyyəti institutları münasibətlərinin uğurlu modeli qeyri-hökumət təşkilatları və dövlət orqanlarına bərabərhüquqlu tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan mənfi amilləri neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir.

Daha sonra çıxış edən dövlət orqanlarının təmsilçiləri, Agentliyin Müşahidə Şurasının üzvləri və QHT-lər ölkəmizdə aparılan demokratik islahatlar fonunda QHT-lərin fəaliyyətinin təşviq edilməsinin vacibliyini vurğulayıb, həmçinin qrant müsabiqəsinin mövzuları ilə bağlı təkliflərini səsləndiriblər.

İctimai müzakirə qarşılıqlı diskussiya şəklində davam edib.