Şeyxülislami Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı Roma papasına məktub göndərib
Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Roma papası Fransiskə məktub ünvanlayıb.
İdarədən YeniAvropa-ya daxil olan məktubda deyilir: “Cənabınızı səmimiyyətlə salamlayır və Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud münasibətlərin yüksək səviyyəsindən məmnunluğumu ifadə etməkdən şərəf duyuram. Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə Bakıda və Vatikanda görüşləriniz Müqəddəs Taxt-Tacla Azərbaycan arasında bütün sahələrdə dərin əməkdaşlığın möhkəm təməlidir. Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunduğu bu il münasibətlərimiz üçün əlamətdar oldu. İlin əvvəlində ali dəvətinizlə Vatikana səfərim, Zati-müqəddəslərinizlə baş tutan görüşümüz unudulmaz və səmərəli oldu. Sizin Azərbaycana 2016-cı il həvari səfərinizdən sonra Vatikana səfərim, il ərzində Qazaxıstanda, Bəhreyndə bəşəri qardaşlıq mühitində görüşlərimiz, heç şübhəsiz, Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da möhkəmlənməsi, ümumilikdə müsəlman-xristian dialoqu prosesinə dəyərli töhfələrdir.
Zati-müqəddəsləri, Sizin dinlərarası dialoqa verdiyiniz xüsusi önəm, dünyada sülh naminə münaqişələrin aradan qaldırılması istiqamətində səyləriniz olduqca təqdirəlayiqdır. Dünyanın ən müxtəlif nöqtələrində baş verən hadisələrə hər zaman dərin məzmunlu münasibət sərgiləməyiniz dini lider olaraq üstün özəlliyinizdir və bir olan Yaradanımıza inananların ürəklərində dərin əks-səda yaradır. Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri kimi Bazar günü moizələrinizi milyonlarla insan diqqətlə izləyir. Bu əsnada, son moizənizdə Qafqaz bölgəsində baş verənlərə dair toxunduğunuz məqamla bağlı Sizi məlumatlandırmağı özümə mənəvi borc sayıram.
Zati-müqəddəsləri, Sizin Cənubi Qafqazda vəziyyətlə bağlı narahatlığınızı bölüşürəm. Həqiqətən narahatedici məqam ondan ibarətdir ki, bölgədə davamlı sülh və təhlükəsizliyin təmini ilə bağlı təhlükələr qalmaqdadır. Məlumunuz olduğu kimi, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində dünya birliyi tərəfindən tanınan, 30 ilə yaxın müddətdə qonşu Ermənistan tərəfindən işğal altında olmuş əzəli torpaqlarını azad etdi. Əldə olunmuş üçtərəfli razılaşmaya görə, Qarabağın ermənilər yaşayan hissəsində 5 illik müddətə Rusiya sülhməramlıları yerləşdirildi. Fərqindəyik ki, Zati-müqəddəslərinizi narahat edən məqam Qarabağdakı erməni azlığını Ermənistanla birləşdirən humanitar məramlı Laçın-Xankəndi yolunun guya bağlanılması ilə bağlı ermənilərin Katolikos-Patriarxı II Qareginin Cənabınıza və digər dini mərkəz və kilsə rəhbərlərinə ünvanladığı müraciətdəki, hər zamankı kimi, qeyri-səhih, qərəzli informasiyadan qaynaqlanır.
Ali diqqətinizə çatdırmaq istərdim ki, adıçəkilən yol heç bir zaman Azərbaycan tərəfindən qapadılmayıb. Bunu edən rus sülhməramlılarıdır və Azərbaycan hakimiyyəti tərəfindən dəfələrlə rəsmi şəkildə bəyan edilib ki, Azərbaycan tərəfindən Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb, yolboyu hərəkət rejimi əvvəlki qaydada davam edir, vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin təşkili Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür. Lakin Azərbaycanı dünya ictimaiyyətinin nəzərində qaralamaq, qeyri-humanist səciyyədə təqdim etmək məqsədi ilə Ermənistan tərəfi məkrli dezinformasiyalar yayır, ölkəmizə qarşı qərəzli təbliğat aparır və uydurma iddialar irəli sürür. Çox təəssüf edirik ki, erməni siyasilərinin təsiri altında Erməni Apostol Kilsəsi bu işdə xüsusi fəallıq göstərir.
Zati-müqəddəsləri, həqiqət bundan ibarətdir ki, aparılan araşdırmalara görə Qarabağın sülhməramlıların məsuliyyət daşıdığı bölgəsində “Qızılbulaq” qızıl yatağında və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir. Müstəqil fəallar tərəfindən bu fəaliyyətin monitorinq olunması haqqında sülhməramlılar vasitəsilə öncədən müvafiq razılaşmanın əldə edilməsinə baxmayaraq, ekofəallar separatçı rejim tərəfindən həmin obyektlərə buraxılmayıblar. Vətəndaş cəmiyyəti təmsilçilərinin buna etiraz olaraq bir həftədən artıq davam edən təbii sərvətlərin talanması və ekologiyaya ciddi ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiyası dinc xarakter daşıyır və Laçın-Xankəndi yoluna maneə yaratmır. Hazırda etirazçılar göstərilən yataqlara yerində baxış keçirilməsini, qanunsuz istismarın dayandırılmasını, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılmasını, ətraf mühitə potensial risklərin qiymətləndirilməsini və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasını tələb edirlər. Ekofəallar dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə Ermənistan tərəfinin, özəlliklə, Eçmiədzinin iddiaları qətiyyən həqiqətə uyğun deyildir, belə ki, humanitar dəhliz fəaliyyətdədir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və bunun üçün aksiya keçirənlər tərəfindən hər bir şərait təmin olunur. Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərinin operativ şəkildə həlli üçün qaynar xətt yaradılıb. Əsl problem ondadır ki, bu humanitar dəhlizdən sui-istifadə olunaraq Qarabağdakı erməni separatçılarına silah-sursat, hərbi məqsədli yüklər, minalar daşınır. Təsadüfi deyil ki, sülhə dair üçtərəfli Bəyanatın imzalanmasından sonra üç yüzə yaxın mülki Azərbaycan vətəndaşı yeni basdırılmış minalardan zərər çəkib - ya həlak olub, ya ömürlük əlil olub. Son vaxtlar torpaqlarımızda 2021-ci il Ermənistan istehsalı olan 350 mina aşkar edilib. Ən son mina qurbanları 14 dekabr tarixində Kəlbəcər rayonunda 8 azərbaycanlı oldu.
Zati-müqəddəsləri, Siz Azərbaycanı ziyarət etmiş, çoxmillətli, çoxkonfessiyalı ölkəmizin multikultural dəyərləri və ənənələri ilə tanış olmaq, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcıları olan vətəndaşlarımızın mehriban ailə kimi yaşadıqları, öz dini-mənəvi ehtiyaclarını sərbəst şəkildə həyata keçirdiklərini, bütün dini konfessiyaların dövlətin diqqət və qayğısından bərabər şəkildə faydalandığını şəxsən müşahidə imkanına malik olmusunuz. Siz Azərbaycan dövlətinin ölkəmizdə və ölkə xaricində ənənəvi dini dəyərlərə ehtiramlı münasibətinin, diqqət və himayəsinin canlı şahidisiniz. Multikultural ölkəmizdə yaşayan 30 mindən artıq erməni kimi, bir o qədər sayda Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır və hər bir Azərbaycan vətəndaşının malik olduğu hüquq və azadlıqlardan, imtiyazlardan və ölkəmizin sərvətlərindən istifadə haqqına malikdirlər. Lakin onlar qanunsuz rejimin girovuna çevriliblər. Ermənistanın bəzi siyasi xadimlərinin ritorikası, diasporun təzyiqləri, habelə Erməni kilsəsinin revanşizm əhvali-ruhiyyəsini körükləyən bəyanatları kövrək sülhü təhdid edir. Bu cür bəyanatlar Azərbaycan hakimiyyətinin yerli etnik ermənilərlə dialoquna xidmət etmir. Halbuki Azərbaycan reinteqrasiya prosesinin başa çatması üçün belə bir dialoqda ən maraqlı tərəfdir. Biz sülh arzulayırıq, sülh quruculuğu işləri ilə məşğuluq, işğal dövründə xarabalığa çevrilmiş Qarabağın dirçəldilməsi, infrastrukturunun yenidən qurulması, vandalizmə uğramış məscid və kilsələri bərpa etmək yönündə gərgin iş aparırıq. Bu, Qarabağda yaşayan azərbaycanlıların və ermənilərin ümumi təhlükəsizliyinə və iqtisadi rifahına xidmət edən genişmiqyaslı layihələrdən bütün bölgə yararlanacaqdır. Davamlı sülh və əmin-amanlığın bərqərarı ümdə istəyimizdir.
Hər zaman bütün məsələlərə ədalət meyarı ilə yanaşan Zati-müqəddəslərinizi bu həqiqətlərlə tanış edərək Sizdən təvəqqe edirik ki, Uca Yaradanımızın buyurduğu kimi, müqəddəs sülh amalları yolunda səy göstərən bizlərə haqq işimizdə yardımçı olun. Ali nüfuzunuzla bölgəmizdə dayanıqlı sülh üçün səylərinizi və dualarınızı əsirgəməyin!
Zati-müqəddəsləri, fürsətdən istifadə edərək, Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizi - dünya katoliklərinin liderini möhtəşəm bayramınız - İsa Məsihin Mövludu – Milad münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Cənabınıza və bütün ardıcıllarınıza Uca Yaradandan xeyir-dualar diləyir, Sizə uzun ömür, möhkəm cansağlığı və dəyərli fəaliyyətinizə rəvac təvəqqe edirəm. Qoy, Bir Olan Yaradanımız Yer üzünü və bəşəri bəlalardan hifz etsin, dünyamıza sülh və rifah əta etsin! Amin!”.
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır
"İlin idman jurnalisti" respublika Şahmat Mərkəzinə direktor təyin edilib