logo

Yükdaşıma qaydalarını pozan sürücülər cəzalandırılacaq

10:10 19-12-2022 | icon 1526
Yükdaşıma qaydalarını pozan sürücülər cəzalandırılacaq

Daxili İşlər Nazirliyinin(DİN) Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərini davam etdirir.

İdarədən YeniAvropa-ya bildirilib ki, yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır: “Nəqliyyat vasitəsinin müəyyənləşdirilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınmaz proseslərin baş verməsinə birbaşa təsir göstərir. Sadalanan hallar təkcə yükdaşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir.

İdarə bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin diqqətinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə, həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəxs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək”.