logo

QHT təmsilçilərimiz ABŞ-da ölkəmizdə insan alverinə qarşı mübarizədən danışıblar

17:17 07-12-2022 | icon 1666
QHT təmsilçilərimiz ABŞ-da ölkəmizdə insan alverinə qarşı mübarizədən danışıblar

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan alverinə qarşı mübarizə fəaliyyəti” layihəsi çərçivəsində dövlət qurumları, ABŞ səfirliyi, USAID və qeyri-hökumət təşkilatları (QHT) Koalisiyasının nümayəndələri ilə görüş keçirib.

BMqT-nin Azərbaycan nümayəndəliyindən YeniAvropa-ya bildirilib ki,görüşün məqsədi ABŞ-a tanışlıq səfəri zamanı əldə edilmiş təcrübənin müzakirəsi olub.

Görüşdə BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, USAID-in Azərbaycan nümayəndəliyindən xanım Dhulçe-Janise MakKuaer və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən Samir Qarayev açılışda çıxışlar ediblər. Vladimir Qyorqiyev Azərbaycanda insan alverinə qarşı mübarizə səyləri haqqında məlumat verməklə yanaşı, bu sahədə fəaliyyət göstərən dövlət orqanları və yerli QHT-lər üçün xarici ölkələrə tanışlıq səfərlərinin vacibliyini qeyd edib.

Görüş zamanı ABŞ-da insan alveri qurbanlarının müəyyənləşdirilməsi və yönləndirilməsinin mühüm aspektlərini təhlil etmək imkanı qazanmış QHT və dövlət təşkilatlarının nümayəndələri tərəfindən səfər çox müsbət qiymətləndirilib. Çıxışlarda iştirakçılar təcrübələrini bölüşüb əsas nəticələri təqdim ediblər. ABŞ-da hüquq-mühafizə orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının insan alverinə qarşı mübarizə sahəsində ən yaxşı təcrübələri, əməkdaşlığı və birgə fəaliyyətləri ilə bağlı təcrübənin və qurbanlara yardım məqsədilə milli yönləndirmə mexanizminin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonda iştirakçılar tanışlıq səfəri zamanı əldə edilmiş təcrübə və bilik əsasında fəaliyyət planı üçün təkliflər hazırlamaq barədə razılığa gəliblər.

Layihənin icrası Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınmasında və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında səmərəliliyi daha da artırmağa töhfə verir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.