logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyində Vyetnam KP-nin rəsmisi ilə görüş olub

19:49 26-11-2022 | icon 1512
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Vyetnam KP-nin rəsmisi ilə görüş olub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycanda səfərdə olan Vyetnam Kommunist Partiyası (VKP) Xarici əlaqələr komissiyası sədrinin müavini xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Qonaqları salamlayan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev qeyd edib ki, Azərbaycanla Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlıq olub. Vyetnam hər zaman BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hər zaman dəstək verib. O, daha sonra iki ölkənin vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulması vacibliyini qeyd edərək gələcəkdə bu istiqamətdə qarşılıqlı layihələrin icra olunmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən xanım Nguyen Thi Hoang Van Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin son illər ərzində bütün spektr üzrə inkişaf etdiyini vurğulayaraq siyasi, ticari, iqtisadi, enerji, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətində uğurların əldə olunduğunu diqqətə çatdırıb. Bu səbəbdən iki ölkənin QHT-ləri arasında əlaqələrin inkişaf etdirilməsi vacibliyini dəstəklədiyini vurğulayıb.

Sonra Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edib. O, Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva bildirib ki, Agentliyin yaradılması fəlsəfəsində ölkənin vətəndaş cəmiyyəti institutlarının inkişafı və onların Azərbaycanda rahat və şəffaf fəaliyyətinin qurulmasını təmin etmək durur. Bu istiqamətdə Agentlik təkcə daxili deyil, beynəlxalq istiqamətdə də təcrübələrdən istifadə etməyi əsas hədəf götürüb.

Görüşün yekunu olaraq Agentliyin adından nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim edilib.