logo

Türkiyədə Polad Həşimov adına daha bir park açılıb

14:34 14-11-2022 | icon 1379
Türkiyədə Polad Həşimov adına daha bir park açılıb

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizin ikinci ildönümü ilə bağlı Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda şəhid general-mayor Polad Həşimov adına parkın açılışı və anım mərasimi keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, tədbir Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM), İzmit Bələdiyyəsi və Kocaelidə fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi yad edilib.

Anım mərasiminin rəsmi hissəsində şəhid general-mayor Polad Həşimov barədə iştirakçılara geniş məlumat verilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar, İSBAM sədri Samir Adıgözəlli, Vətən müharibəsi qazisi İbrahim Cabbarov, ölkəmizin İstanbuldakı Baş konsulluğunun vitse-konsulu Murad Balacayev, İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet tarixi və milli dəyərlərimizin gələcək nəsillərə çatdırılması baxımından günün əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın tarix boyu öz azadlığı uğrunda mübarizə apardığını qeyd edən natiqlər bu yolda minlərlə qəhrəman bacı və qardaşlarımızın canından keçdiyini xatırladıblar.

Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi və bu savaşın sonunda əldə edilən tarixi şanlı Zəfərlə bütün şəhidlərimizin intiqamını aldı, tarixi Qarabağ torpağını öz sahiblərinə qaytardı.

Türkiyə-Azərbaycan birliyinə toxunan çıxışçılar iki qardaş ölkənin daim çiyin-çiyinə mübarizə apardığını qeyd ediblər.

Bildirilib ki, Türkiyə hər zaman olduğu kimi, Vətən müharibəsi dövründə də Azərbaycanın yanında oldu. Qardaş ölkədə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına növbəti parkın açılışı isə bu birliyin ən parlaq nümunələrindən biridir.

Mərasimdə çıxış edən general-mayor Polad Həşimovun bacısı Kamalə Həşimova parkın açılışında əməyi olan hər kəsə, eləcə də istər ölkəmiz, istərsə də Türkiyə dövlətinin qardaşına verdiyi yüksək qiymətə görə minnətdarlığını ifadə edib.

Sonra parkın və bu məkanda Polad Həşimovun xatirəsinə ucaldılan büstün açılışı olub.

Tədbirdə Türkiyənin siyasi partiyalarının, ictimaiyyətin, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Hərbi Attaşelik Aparatının nümayəndələri, millət vəkilləri, yerli sakinlər və digərləri iştirak ediblər.

Ümumilikdə 1680 kvadratmetr ərazidə salınan parkın 70 faizi yaşıllıq, digər 30 faizi isə istirahət və gəzinti sahəsidir. Parkın yaşıllıq bölümündə 2420 ədəd tibbi və aromatik bitki əkilib. Avtomatik sulama cihazları ilə təchiz edilən parkda yetişən bitkilər, eyni zamanda, ekoloji təhsilə və ictimaiyyətin bu istiqamətdə maarifləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Parkda ucaldılan Polad Həşimov büstü heykəltaraş Nusrettin Bektaş tərəfindən hazırlanıb.