Noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon Prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Qeyd edək ki, İskəndər Mehtiyevi meyxanaçı Rəşad Dağlının qonşusu olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, meyxanaçının qətlə yetirdiyi qonşusu İskəndər Mehdiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının dayısı oğludur. Həmçinin mərhumun da meyxanaçı olduğu deyilir.
Qətlin söyüş üstündə baş verməsi iddia olunur. Belə ki, İ. Mehdiyev qonşusu Rəşad Dağlının arxasınca söyüş söyüb. Bunu eşidən meyxanaçı da onu görüşə çağırıb. Nəticədə mübahisə zamanı Rəşad Dağlı qonşusuna iddialara görə, 7 bıçaq zərbəsi vuraraq, onu həyatdan məhrum edib.