Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 31-də İndoneziyaya səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfərdə məqsəd noyabrın 2-3-də İndoneziyada keçiriləcək G20 Dini Forumunda (R20) iştirak etməkdir.
İndoneziya hökumətinin G20 Forumunun əsas rəsmi tədbiri kimi tanıdığı, Balidə keçiriləcək R20 sammiti dünyadakı müxtəlif dinlərin liderlərinə sivilizasiyaların ortaq dəyərlərini dəstəkləmək üçün platforma yaradılmasına xidmət edəcəkdir. İndoneziya Respublikasının Prezidenti Joko Vidodonun R20 sammitinin açılış mərasimində çıxış etməsi gözlənilir.
Məlumat üçün bildirək ki, İndoneziyanın G20 sədrliyi çərçivəsində dünyanın tanınmış müsəlman təşkilatı olan G20 Dini Forumunu (R20) Nahdatul Ulama ortaq əxlaqi və mənəvi dəyərləri inkişaf etdirmək məqsədilə təsis etmişdir. Nahdatul Ulama ilə birlikdə R20 sammitinin həmtəşkilatçısı Səudiyyə Ərəbistanın Məkkə şəhərində mərkəzləşən İslam Aləmi Liqasıdır.
R20 sammitinin təsisçisi Nahdatul Ulama və İdarə Heyətinin Baş sədri Kyai Yəhya Çolil Staqufun imzaladığı dəvət məktubunda İndoneziya hökumətinin G20 liderləri sammiti ərəfəsində planlaşdırdığı G20 Dini forumunun dünyanın geosiyasi və iqtisadi strukturlarına mənəvi dəyərlərin aşılanmasına ciddi töhfə verəcəyi xüsusi vurğulanıb.
Şeyxülislam Allahşükür Paşazadə qlobal əhəmiyyətli tədbirdə çıxış edəcəkdir. Forum çərçivəsində QMİ sədrinin ikitərəfli görüşləri də planlaşdırılır.