logo

Bakıda Milli Kulinariya Konqresinin açılışı olub

12:32 24-10-2022 | icon 1778
Bakıda Milli Kulinariya Konqresinin açılışı olub

Oktyabrın 24-də “Baku Marriot Hotel Boulevard”da Milli Kulinariya Konqresi işə başlayıb.

YeniAvropa xəbər verir ki, konqresdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkə rəhbərliyi tərəfindən turizmin inkişafına xüsusi diqqət ayrıldığını bildirib.

“Ölkəyə gələn xarici turistlərə təqdim etməyə çoxçeşidli turizm məhsullarımız var. Azərbaycanın “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensiala malikdir. Təbiətimiz zəngindir. Əlverişli iqlim şəraiti, məhsuldar torpaqlarımız təbii məhsulların həm çeşidinə, həm dadına öz təsirini göstərir. Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir. Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə milli kulinariyamız, bu sahədə olan turizm potensialı çox geniş şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunur və maraq doğurur", - deyə o qeyd edib.

Bu ilin mayında Heydər Əliyev Fondu və Agentliyin təşkilatçılığı ilə Şuşada I Beynəlxalq Kulinariya Festivalı keçirildiyini xatırladan F.Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə igid əsgərlərimizin qəhrəmancasına azad etdiyi, Qarabağın incisi olan Şuşada belə bir festivalın təşkil olunmasının tarixi hadisə olduğunu qeyd edib: “Festivalda 11 ölkədən, Azərbaycanın 14 bölgəsindən olan kulinariya nümunələri nümayiş etdirildi. Qastronomiya turizmi həm regional turizm, həm də aqro və eko turizm növləri ilə ahəngdar olaraq inkişaf edir. Bu baxımdan Agentliyin dəstək verdiyi layihələrdən biri “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” - “Slow Food” pilot layihəsini qeyd etmək olar. Layihə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə etdi. Gələcəkdə digər turizm dəhlizləri üzrə də bu növ marşrutların yaradılması planlaşdırıla bilər. Regionların unudulmuş, qədim yeməklərini üzə çıxartmaq, biomüxtəlifliyini qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq baxımından bu kimi layihələr önəm kəsb edir. Həmçinin qastronomiya turizmi ölkəmiz üçün çox vacib iki sahəni - turizm və kənd təsərrüfatını birləşdirdiyi üçün regionlarda kiçik sahibkarlığın və ailə biznesinin dəstəklənməsinə, nəticə etibarilə yerli əhalinin gəlirlərinin artması və rifah halının yüksəlməsinə də töhfə verə bilər. Agentlik olaraq turizm sahəsində fəaliyyət göstərən bütün ictimai təşkilatlar kimi, kulinariya sahəsində fəaliyyət göstərən ictimai birlikləri də dəstəkləyirik. Hər zaman qeyd etdiyimiz kimi, gücümüz birliyimizdədir. Sənayenin birgə fəaliyyəti çox önəmli faktordur. Eyni hədəfə vurmaq üçün çalışmalıyıq. Agentlik bu istiqamətdə sizə hərtərəfli dəstək verməyə hər zaman hazırdır. Hesab edirik ki, bugünkü konqres, xüsusilə bu cəhətdən mühüm əhəmiyyət kəsb edir”.

Gənclər və idman naziri Fərid Qayıbov konqresin qastroturizmin inkişafı baxımından faydalı olacağını bildirib. Qeyd edib ki, gün ərzində panel iclasların keçirilməsi mövcud olan çatışmazlıqlarının aradan qaldırılmasına kömək edir.

Ölkədə gənclərin sayının üstünlük təşkil etdiyini deyən Fərid Qayıbov bildirib ki, gənclərin peşə sahəsində inkişafı olduqca vacibdir: “Gənc kulinarların beynəlxalq yarışlarda dəstəklənməsi Gənclər və İdman Nazirliyinin prioritet istiqamətlərindəndir”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, milli mətbəx deyəndə ağıla dadlı təamlar gəlir: “Kulinariya tarixi kökləri ilə, özünəməxsusluğu ilə bizi hər zaman fərəhləndirib. Bu gün milli mətbəximiz artıq dünyada tanınır. Bir çox ölkələrdə, restoranlarda Azərbaycan mətbəxi təqdim olunur”.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid dünya və yerli bazarda qastroturizmin təbliği prosesi barədə danışıb: “Şərabçılıq sahəsi qastroturizmin tərkibində özünəməxsus yer tutur. Bu sahəsini inkişaf etdirmək üçün bir neçə istiqamətdə fəaliyyət göstərilir. Ölkə daxilində səyahət etmək istəyın turistlər üçün milli mətbəx əlçatan olmalıdır. Azərbaycan mətbəxi çoxçeşidlidir və onu bütün regionlarda təqdim etmək lazımdır.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov, Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Fikrətoğlu bildiriblər ki, Kulinariya Mütəxəssisləri Assosiasiyası yeni yaranan qurumdur və özünə istedadlı aşpazları cəlb edir. Milli Kulinariya Mərkəzi özünü bu sahədə görmək istəyən aşpazları və biznes sahiblərini dəvət edir. Çünki Kulinariya bizə qalan bir irsdir və büdcəyə gəlir gətirir.

Sonra konqres panel müzakirələrlə davam edib.