Şirvan şəhər sakini Aytac Miriyevanın 2022-ci il avqustun 26-da “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Şəhər prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, qeyd olunan xəstəxanada mama-ginekoloq həkim vəzifəsində işləyən Sevinc Alışova tərəfindən müayinələr əsasında diaqnozun düzgün təyin edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun ona təyin olunmuş diaqnoza uyğun düzgün seçilməməsi, şəkərli diabetlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində yenidoğulmuş uşaq ölüb.
Şirvan şəhər Prokurorluğunda Sevinc Alışova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.