Cari ildə 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.
“Elektrik enerjisi ilə bağlı, qeyd etdiyim kimi, biz indi özümüzü tam təmin edirik, böyük həcmdə ixrac edirik. Ancaq yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Çünki bizim sənaye potensialımızın, əhalimizin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması tələb edir ki, elektrik enerjisinin istehsalı artsın. Bu il biz Bakıda böyük elektrik stansiyasının açılışını planlaşdırırıq. 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir. Eyni zamanda, Bakı şəhərində yeni, 300, 350, bəlkə də 400 meqavat gücündə stansiyanın tikintisi ilə bağlı işlər aparılmışdır. İndi dəqiqləşmələr gedir və stansiyanın tikintisi bizim enerji potensialımızı daha da möhkəmləndirəcək. Bununla paralel olaraq, mövcud stansiyalarda bərpa və təmir işləri aparılaraq onların potensialını böyük dərəcədə artıra bilərik. İlkin hesablamalar göstərir ki, biz təqribən 500 meqavat əlavə güc əldə edə bilərik”, -deyə prezident İlham Əliyev qeyd edib.