Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib. Festivalın əsas məqsədi Azərbaycanın cənub bölgəsinin ekoturizm və aqroturizm potensialını, zəngin mədəniyyətini və yerli ənənələrini geniş auditoriyaya nümayiş etdirmək olub.
YeniAvropa xəbər verir ki, festival Lənkəran Şəhər İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Festivalda iştirakçılara müxtəlif məzmunlu sərgilər təqdim olunub. Ziyarətçilər Cənub bölgəsinin gözəl təbiətini əks etdirən Milli parkların pavilyonları ilə tanış olub, müxtəlif turizm və sənətkarlıq sərgilərini izləyiblər. Bundan əlavə, yerli mətbəxin nümunələri, çay süfrəsi və şirniyyatlar tədbirin diqqətçəkən məqamlarından olub.
Sərgidə əl işləri, suvenirlər və yerli məhsulların satış yarmarkası təşkil olunub, eyni zamanda, bölgədə fəaliyyət göstərən çayçılıq və sitrus məhsulları nümayiş etdirilib. Festivalda iştirak edənlərə ekoturizm fəaliyyətləri haqqında məlumat verilib, müxtəlif rəqs və sənətkarlıq nömrələri təqdim olunub, həmçinin idman yarışları və gənclər üçün oyun zonası yaradılıb.
Bu tədbir yalnız turizmin inkişafına deyil, həm də bölgənin unikal adət-ənənələrinin qorunub saxlanılmasına və tanıdılmasına töhfə vermək məqsədi daşıyıb.