logo

Bakıda Tolerantlıq Evi açılıb

13:13 16-11-2024 | icon 238
Bakıda Tolerantlıq Evi açılıb

16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə Bakıda Tolerantlıq Evinin açılışı olub.

YeniAvropa xəbər verir ki, İçərişəhərdə yerləşən bu bina Azərbaycanın tolerantlıq tarixini əks etdirən nümunələrlə zəngindir.

Tolerantlıq Evində 3 ənənəvi dinin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltiflər, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar nümayiş etdirilir.

Açılış mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda tolerantlıq ənənələri dünyaya nümunədir: "Tolerantlıq Evinin özü də bir nümunədir. Dünyada bəlkə də bunun analoqu yoxdur. Tolerantlıq Evi elə bir alovdur ki, bu, bütün dünyaya bir işıq saçır. Gün gələcək bütün dünya bunun mahiyyətini anlayacaq".

Mərasimdə iştirak edən Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, nümayəndələri Tolerantlıq Evinin açılışını yüksək qiymətləndiriblər.

Azərbaycandakı Dağ yəhudiləri icmasının sədri Melix Yevdayev jurnalistlərə açıqlamasında bildirib ki, Tolerantlıq Evinin açılması Azərbaycanda hökm sürən tolerantlıq və multikultural mühitin bariz nümunəsidir: “Tolerantlıq Evinin yaradılması gələcəkdə ölkəmizə gələcək bütün qonaqlara Azərbaycanın nə dərəcədə tolerant ölkə olduğunu nümayiş etdirməyə imkan verəcək”.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Bakıda Tolerantlıq Evinin açılışını təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün unikal hadisə adlandırıb: “Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Dünya bunu təbii qarşılasa da, dinlər və xalqlar arasında fikir ayrılıqlarının çoxaldığı indiki dövrdə buna nail olmaq xüsusilə əhəmiyyətlidir. Azərbaycanda dini liderlərin mövqeyi dünyaya bir daha göstərir ki, müsəlmanlar, xristianlar və yəhudilər bu torpaqlarda birgə, sülh şəraitində yaşaya bilirlər”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev isə qeyd edib ki, Tolerantlıq Evində nümayiş olunan əşyalar Azərbaycanda tolerantlıq mühitinin yüksək səviyyəsini əyani şəkildə göstərir