Neftçala Sənaye Məhəlləsində yerləşən “Xəzər” avtomobil zavodunda fevral ayından etibarən ilk “Peugeot” markalı avtomobillər satışa çıxacaq.
YeniAvropa xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov deyib.
Onun sözlərinə görə, istehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb: “Həmçinin 2019-cu ilin sonlarından etibarən “Khazar” avtomobillərinin ehtiyat hissələrinin bir hissəsini Azərbaycanda istehsal etməyi planlaşdırırıq”.
“Zavodun işə düşməsi ilə ilk dəfə olaraq Azərbaycan avtomobil istehsalı ölkəsi kimi tanınıb və “Khazar” avtomobillərinə BAN nömrə alınaraq beynəlxalq sistemə daxil edilib. Bunun nəticəsi olaraq, Azərbaycan avtomobil istehsalçısı olan ölkə kimi ilk dəfə 2018-ci ilin avqust-sentyabr aylarında Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə Moskvada “Krokus Ekspo” Sərgi Mərkəzində keçirilən beynəlxalq avtomobil sərgisinə dəvət alıb və bizim “Khazar” avtomobilləri sərgidə nümayiş etdirilib”, - deyə Emin Axundov bildirib.