logo

Ötən il Azərbaycanda  26.381 cinayət faktı qeydə alınıb

15:13 29-01-2019 | icon 2800
Ötən il Azərbaycanda  26.381 cinayət faktı qeydə alınıb

2018-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.381 cinayət faktı qeydə alınıb ki, onların da 84,7 faizinin açılması təmin olunub. 

YeniAvropa xəbər verir  ki, bu fikri daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 28-də Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında səsləndirib. 

Nazir diqqətə çatdırıb ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2277 cinayət törətmiş 869 cinayətkar qrup zərərsizləşdirilib, polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib. Ümumi çəkisi 138 tona yaxın narkotik tərkibli bitki yığılaraq yaşıl kütlə halında məhv edilib. 

Məruzədə yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında artıq altıncı ildir ki, nəzərəçarpan azalmanın müşahidə olunduğu nəzərə çatdırılıb. Bildirilib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 1,3 faiz artaraq 3.409.698 inzibati xəta təşkil edib. Ümumilikdə, daxili işlər orqanlarının bütün struktur qurumları üzrə müxtəlif inzibati xətalara görə 3.442.148 protokol tərtib edilib.