Cari ildə ölkədə sahibkarlığın inkişafı üçün 160 milyon manatadək güzəştli kredit veriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.
Nazir bildirib ki, 2018-ci ildə ölkədə pambıqçılığın inkişafı üçün 16,5 milyon manat güzəştli kredit verilib. Bu il isə Azərbaycanda sahibkarlığın inkişafı üçün 160 milyon manatadək güzəştli kredit veriləcək. Ötən il 16 mindən çox sahibkara güzəştli kredit verilib.
“2018-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4 faiz təşkil edib, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sənaye məhsulu 9,1 faiz, kənd təsərrüfatı 4,6 faiz, əhalinin nominal gəlirləri 9,2 faiz artıb. Əsas kapitala 17,2 milyard manat investisiya qoyulub ki, bunun da 65,5 faizi və ya 11 milyard manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. Ötən ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 milyard dollar təşkil edib, ixrac 36 faiz artaraq 19 milyard dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 milyard dollar artıb və hazırda 45 milyard dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19 faizədək enib”, - deyə Ş.Mustafayev əlavə edib.