logo

Cari ildə 5  “ASAN xidmət”  kompleksi istifadəyə veriləcək

16:33 28-01-2019 | icon 3171
Cari ildə 5  “ASAN xidmət”  kompleksi istifadəyə veriləcək

Bu il ölkə ərazisində beş “ASAN xidmət” mərkəzi açılacaq. Belə ki, Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakəndə “ASAN Həyat” kompleksləri fəaliyyətə başlayacaq. Bununla da “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatacaq.

Bu barədə YeniAvropa-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

 “2013-cü ildə 5 “ASAN xidmət” mərkəzi, 2 səyyar avtobus mövcud idi. Hazırda 15 mərkəz, 1 qatar, 10 səyyar avtobus fəaliyyət göstərir. Xidmətlərimiz ölkə ərazisinin 75 faizini əhatə edir. Açılacaq 5 mərkəzdən sonra respublika ərazisinin tam əhatə etmiş olacağıq. Komplekslərin hər birində tikinti işləri gedir. Şamaxıda tikilən kompleksdə işlərin 60 faizi görülüb”,-deyə o, bildirib.

Elnur Niftəliyev bildirib ki, “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayanda əhaliyə 20 xidmət göstərilirdi. Hazırda isə əhaliyə 11 dövlət orqanı, özəl şirkət və müəssisələrlə birgə 320-dən çox xidmət təqdim olunur: “Bu yaxınlarda siyahıya Xarici İşlər Nazirliyi (XİN) də əlavə olunub. Belə ki, Prezident İlham Əliyevin 2019-cu il 15 yanvar tarixli Fərmanına əsasən konsulluq xidməti ilə bağlı bəzi məsələlər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) həvalə edilib. Fərmana əsasən müəyyən konsulluq xidmətləri, o cümlədən xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi “ASAN xidmət” mərkəzlərində təmin ediləcək. Bu, o deməkdir ki, XİN-in əməkdaşları digər dövlət qurumlarının təcrübəsində olduğu kimi müvafiq müraciətlərin qəbul edilməsi və icra olunması üçün “ASAN xidmət”in təmin etdiyi məkanda yerləşəcəklər. Eyni zamanda, paralel olaraq bu xidmətlər nazirliyin konsulluq idarəsi tərəfindən də təmin olunacaq. Martın 1-dən etibarən Fərman qüvvəyə minəcək və 12-ci dövlət orqanı, yəni XİN müvafiq xidmətlərini əhaliyə təqdim edəcək.

Bununla yanaşı, yanvarın 17-də ölkə başçısı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Nəticədə “ASAN xidmət” mərkəzləri müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir. Hazırda müvafiq proseslərinin daha səmərəli formada tənzimlənməsi məqsədilə agentlikdə İşçi Qrup formalaşdırılıb”.

E.Niftəliyev “ASAN xidmət” mərkəzlərinə edilən müraciətlərin sayının günü-gündən artdığını və 26,5 milyonu keçdiyini də vurğulayıb.