Ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 215 cinayət işi istintaq olunub
Ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 215 cinayət işi istintaq olunub. Ümumilikdə 305 vəzifəli şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib. YeniAvropa xəbər verir ki, bunu Baş İdarənin rəisi Kamran Əliyev yanvarın 17-də qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
Kamran Əliyev bildirib ki, qurumun istintaq idarəsi tərəfindən yekunlaşdırılan cinayət işlərinə nəzər saldıqda əsasən vəzifədən sui-istifadə etməklə mənimsəmə, rüşvətalma, rüşvətvermə, vəzifə saxtakarlığı və s. üstünlük təşkil edib. Ötən il məhkəmələrə göndərilən işlərlə bağlı 83 milyon 485 min 740 milyon manat məbləğində ziyan qeydə alınıb ki, onun da 33 faizinin - 27 milyon 575 min 244 manatının ödənilməsi təmin edilib. Bundan başqa, 15 milyon 381 min 275 milyon manat məbləğində əmlak həbsi qoyulub.
Hazırda Baş İdarədə istintaq olunan cinayət işləri arasında bank və bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı, tikinti sektorunda baş verən cinayət halları üstünlük təşkil edir.
Diqqətə çatdırılıb ki, Baş İdarə tərəfindən cinayət təqibindən kənar üsul və vasitələrdən istifadə üzrə ötən il 27 qərar qəbul edilib. Onlardan 7-si rəsmi xəbərdarlıq olub. Həmçinin 20 halda inzibati xəta haqqında iş üzrə icraat başlanılıb.