logo

Lənkəranın hallabonq yığımına başlanılıb

12:44 27-01-2019 | icon 7581
Lənkəranın hallabonq yığımına başlanılıb

Bir neçə gündür Lənkəranın sitrus bağlarında hallabonq yığımına başlanılıb. "Hallabonq" və ya "dekopon" adlandırılan nadir sitrus bitkisi dünyada cəmi 5 ölkədə, o cümlədən Azərbaycanda yetişdirilir.

YeniAvropa xəbər verir  ki, hallabonq bağları Lənkəranda ilk dəfə 2015-ci ildə salınmağa başlanılıb. İlkin olaraq 15 hektar sahədə sınaq əkini aparılıb. Nəticələr müsbət olduğundan hallabonq bağlarının sahəsi 100 hektaradək genişləndirilib.

Hazırda Lənkəran rayonunun Sütəmirdov, Siyavar, Şürük, Tükəvilə kəndlərində hallabonq bağları salınıb. Gələcəkdə isə digər ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub.

Qeyd edək ki, bu meyvənin vətəni Yaponiyadır. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilib. Daha sonra bu meyvənin Amerika Birləşmiş Ştatları və Braziliyada yetişdirilməsinə başlanıb. Meyvə 2015-ci ildə Azərbaycana gətirilərək Lənkəranda əkilib. Həmin il Lənkəranda 15 hektar sahədə hallabonq əkilib və müsbət nəticə əldə olunub.

Bir hallabonq meyvəsinin çəkisi 300-350 qram olur. Orta hesabla bir hektar sahədən 35-40 ton məhsul əldə etmək mümkündür. Bu, digər sitrus meyvələri ilə müqayisədə bir neçə dəfə çoxdur. Qış aylarında ağaclardakı meyvələr xüsusi qaydada örtüklərlə qorunur.

 

Hallabonq xarici görünüşünə görə portağala bənzəsə də, forması bir qədər armudvaridir. Qabığı soyulduqdan sonra görünüşü və dadı təqribən elə portağala bənzəyir. Meyvənin tərkibi insan orqanizmi üçün vacib olan vitaminlərlə zəngindir. Meyvə əsasən diş tökülməsinin və şəkər xəstəliyinin qarşısını almaq baxımından xeyirlidir. Meyvə insan orqanizmindəki zərərli maddələrin, müxtəlif xəstəliklərin qarşısını alır.

Xatırladaq ki, hazırda marketlərdə hallabonqun 1 kq-ı təqribən 90 qəpiyə satılır ki, bu da digər sitrus meyvələrindən təqribən 50% ucuzdur.