2018-ci ildə orta illik inflyasiya 2,3 faiz təşkil edib. Dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması olub. Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin, habelə bəzi inzibati qiymətlərin yüksəldilməsinin qiymətlərə artırıcı təsirini neytrallaşdırıb.
YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan Mərkəzi Bankının(AMB) sədri Elman Rüstəmov yanvarın 26-da Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirakı ilə AMB İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunan geniş iclasında çıxışı zamanı səsləndirib.
Elman Rüstəmov bildirib ki, dövlət başçısının rəhbərliyi altında ötən il ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşib, iqtisadi artım davam edib, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.
Qeyd edib ki, 2018-ci i ilin 9 ayında cari əməliyyatlar balansında 5,1 milyard ABŞ dolları və ya ÜDM-in 15 faizi səviyyəsində profisit yaranıb ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtüb, ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb.