Gəncə Avtomobil Zavodu Belarusun “Qomselmaş” ASC ilə birgə kombayn istehsal etməkdə maraqlıdır.
YeniAvropa xəbər verir ki, bu fikri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Qomel şəhər icra başçısı Petro Kriçenko ilə görüşündə bildirib.
N.Bayramovun sözlərinə görə, kombayn və digər kənd təsərrüfatı texnikalarının birgə istehsalı üçün Gəncə Avtomobil Zavodunda əlverişli şərait mövcuddur. “Qomselmaş” ASC-nin istehsal etdiyi kombaynlar Azərbaycanın kənd təsərrüfatı sahələrində uğurla tətbiq edilib.
O qeyd edib ki, səfərlərinin məqsədlərindən biri də birgə kombaynların istehsalı üçün “Qomselmaş” ASC ilə ilkin razılıq əldə etməkdir: “Artıq bu istiqamətdə nəticələr var. Düşünürəm ki, Gəncə Avtomobil Zavodunda ildə 100-150 kombaynı birgə istehsal etmək mümkündür”.
P.Kriçenko bildirib ki, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün dəstək göstərməyə hazırdır. Qeyd edilib ki, bunun üçün Qomel və Gəncə şəhərlərinə qarşılıqlı səfərlər təşkil ediləcək.