Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir. Nazirlikdən YeniAvropa-ya bildiriblər ki, təhsil naziri Ceyhun Bayramov Forumun ikinci günündə “Təlim və tədris keyfiyyətinin yaxşılaşdırılması imkanları” adlı sessiyada çıxış edib.
Nazir prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Ceyhun Bayramov müəllim peşəsinin nüfuzunun artırılmasının sözügedən strategiyanın əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb. Həmçinin ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılmasının bu sahədə keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verdiyini vurğulayıb.
C.Bayramov, eyni zamanda, Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və həyata keçirilən pilot layihələrə dair məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra nazir sessiya çərçivəsində Forum iştirakçılarının suallarını cavablandırıb.
Forum yanvarın 23-də başa çatacaq.