logo

Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur

12:52 22-11-2024 | icon 245
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur

Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə ölkəmizin turizm potensialını tanıtmaq məqsədilə “İpək Yolu üzərində turizm” mövzusuna həsr olunmuş Daşkənd Beynəlxalq Turizm Sərgisində (TIFF) iştirak edir.

Dövlət Turizm Agentliyindən YeniAvropa-ya bildirilib ki, ölkəmizi milli stenddə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə birlikdə ümumilikdə 9 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.

Stend ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəxi, dağ-xizək kurortları, şərabçılıq ənənələri, sağlamlıq və geniş qış turizmi imkanları barədə ətraflı məlumat verilir, eləcə də xarici turizm təmsilçiləri ilə B2B formatında işgüzar görüşlər təşkil olunur.

Sərgi çərçivəsində “Şahdağ” Turizm Mərkəzinin üzv olduğu Avrasiya Dağ Kurortları Alyansının nümayəndələrinin iştirakı keçirilən tədbirdə üzvlərə və tədbir iştirakçılarına Mərkəzin nümayəndələri tərəfindən kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat verilib.

TIFF Özbəkistan və Mərkəzi Asiya regionunda turizm sənayesinin əlamətdar tədbirlərindən biri hesab olunur. Noyabrın 23-dək davam edəcək sərgidə 1500 iştirakçının, dünyanın bir sıra ölkələrindən ümumilikdə 15 mindən çox ziyarətçi və turizm sənayesi nümayəndəsinin qatılacağı gözlənilir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 37 min 536 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.