logo

İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib

14:14 22-11-2024 | icon 245
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib

İstanbulda keçirilən I Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə enerji əməkdaşlığının inkişafı məqsədilə ikitərəfli, üçtərəfli və dördtərəfli formatlarda görüşlər keçirilib.

YeniAvropa xəbər verir ki, Türkiyə və Azərbaycan nazirlərinin ikitərəfli görüşündə nazir Pərviz Şahbazov forumun keçirilməsi və BOTAŞ şirkətinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, COP29-da iştiraka görə təşəkkürünü bildirib.

Müzakirələr zamanı ikitərəfli enerji əməkdaşlığının prioritet məsələləri və gələcək perspektivləri nəzərdən keçirilib. Türkiyəyə və buradan Avropaya yaşıl enerji və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafından bəhs edilib. Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrasının cari vəziyyəti, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekun mərhələsi, habelə “Azərbaycan-Türkiyə IV Enerji Forumu”nun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə qaz sahəsində üçtərəfli əməkdaşlığın inkişafı ilə bağlı da müzakirələr aparılıb. Keçid yanacaq növü kimi təbii qaza olan tələbat, qaz tədarükü sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu ilin doqquz ayı ərzində Azərbaycandan Bolqarıstana və digər Avropa ölkələrinə nəql məqsədilə 1,4 milyard kubmetrdən artıq qaz ixrac edilib.

Yaşıl enerji sahəsi üzrə müzakirələr Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə dördtərəfli formatda aparılıb.

Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizi layihəsinin cari vəziyyəti diqqətə çatdırılıb. Xəzər dənizi və Mərkəzi Asiyadan bərpaolunan enerjinin Gürcüstan və Türkiyə vasitəsilə Avropaya müxtəlif marşrutlarla çatdırılması imkanları dəyərləndirilib.

Dörd ölkə arasında yaşıl enerji əməkdaşlığı üzrə müvafiq addımların atılması razılaşdırılıb.