Azərbaycan və Ukraynanın ekologiya və təbii sərvətlər nazirləri Muxtar Babayev və Svetlana Qrinçuk COP29 çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalayıblar.
YeniAvropa xəbər verir ki, bu barədə Svetlana Qrinçuk özünün “Facebook” hesabında məlumat paylaşıb.
Ukraynalı nazir yazıb: “İmzaladığımız Memorandum COP29-dan əvvəl hazırlanmış təşəbbüslərin məntiqi davamıdır. Dövlətlərimiz buna hazırlıq prosesində qarşılıqlı fəaliyyətdə zəngin təcrübəyə malikdir. Biz ekoloji texnologiyaların inkişafı, tullantıların idarə edilməsi, biomüxtəlifliyin qorunması, çirklənmiş ərazilərin bərpası və sənaye çirklənməsinin qarşısının alınması sahəsində əməkdaşlığı dərinləşdirəcəyik”.
Nazir Azərbaycanın Ukraynaya humanitar minatəmizləmə yardımını xatırladıb. “Bu mövzu dövlətlərimiz üçün uzun illər aktual olacaq, ona görə də biz bu istiqamətdə qüvvələrimizi birləşdiririk. Bakı müharibə fonunda ukraynalı uşaqlara reabilitasiya prosesində fəal kömək edir. Artıq 200-dən çox ukraynalı uşaq Azərbaycanda olub, onlara sosial və psixoloji yardım göstərilib. Yaxın vaxtlarda daha 60 ukraynalı uşağın Azərbaycanda reabilitasiyadan keçəcəyi planlaşdırılır. Builki COP-un mövzusu gənclərin iqlim təşəbbüslərində iştirakıdır. Müharibə zamanı Ukrayna üçün gənclərlə bağlı təşəbbüslər çox vacibdir”, -deyə o vurğulayıb.
“Mən səmərəli dialoqa, COP29-a hazırlıqda göstərdikləri köməyə görə Muxtar Babayevə və onun komandasına təşəkkür edirəm. Ümidvaram ki, bu, qlobal əhəmiyyətli böyük və mühüm birgə layihələrin başlanğıcıdır”, -deyə Qrinçuk qeyd edib.