logo

“Buta Airways” Bakıdan Ufaya birbaşa uçuşlara başlayır

19:59 22-01-2019 | icon 2912
“Buta Airways” Bakıdan Ufaya birbaşa uçuşlara başlayır

Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” Bakıdan Ufaya birbaşa uçuşlara başlayır.

Aviaşirkətin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, “Buta Airways” mayın 12-dən Bakıdan Ufa şəhərinə birbaşa uçuşlara başlayır və reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Başqırdıstanın paytaxtı loukost aviaşirkətin Rusiyadakı altıncı istiqaməti olacaq. Belə ki, aviaşirkətin marşrut şəbəkəsinə hazırda Rusiyanın 5 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri daxildir. Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ufa marşrutu üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür. Loukost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.