logo

Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib

10:55 22-01-2019 | icon 2590
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib

İstintaq orqanı tərəfindən Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Baş Prokurorluğunun mətbuat xidmətindən  verilən məlumatda bildirilib. Qeyd edilib ki,  ki, bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

"Prezident İlham Əliyev hər zaman olduğu kimi, ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib.

Prezidentin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda, M.Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaqdır",-deyə Baş Prokurorluğun məlumatında bildirilib.