logo

Qadınlar daxili orqanlarında İrandan  narkotika keçirdilər

14:15 21-01-2019 | icon 3080
Qadınlar daxili orqanlarında İrandan  narkotika keçirdilər

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən YeniAvropa-ya bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşları - iki qadın gömrük nəzarətindən keçən zaman özlərini şübhəli, narahat apardıqları üçün saxlanıb və şifahi sorğu-sual aparılıb. Sorğu-sual zamanı onlardan üzərlərində qadağan olunan və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmet, o cümlədən də narkotik vasitə və psixotrop maddələrin olub-olmaması soruşulub. Vətəndaşlar isə öz növbəsində üzərlərində gömrük nəzarətinə təqdim edilməli hər hansı predmetin olmadığını bildiriblər. Lakin daxili orqanlarında narkotik vasitə gizlətdikləri ehtimal olunaraq onların tibbi müayinədən keçmələri qərara alınıb. Həkim yoxlamasından keçərkən qanunsuz əməllərinin üstünün açılacağını başa düşən qadınlar çıxılmaz vəziyyətdə qalaraq daxili orqanlarında narkotik vasitələr gizlətdiklərini etiraf ediblər. Beləliklə, qadının birinin daxili orqanında bir ədəd bükümdə ümumi çəkisi 49 qram olan, ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin və ümumi çəkisi 287 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digərinin isə daxili orqanında bir ədəd bükümdə, ümumi çəkisi 236 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.