logo

Qara dənizdə qəzaya uğrayan gəminin azərbaycanlı kapitanının cəsədi tapılıb

12:42 20-01-2019 | icon 3087
Qara dənizdə qəzaya uğrayan gəminin azərbaycanlı kapitanının cəsədi tapılıb

Qara dənizdə qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214”ə aid xilasedici qayıqdakı cəsəd Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna məxsusdur.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Türk Silahlı Güvənlik Hərəkət Mərkəzi tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Türkiyənin Samsun şəhəri yaxınlığında, Qara dənizdə qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214” gəmisi ilə bağlı məlumat daxil olub.

Qeyd edilib ki, Vanuatu bayrağı altında üzən “NURS” quru yük gəmisi Rusiya Federasiyasının Tuapse limanından 48 mil qərbə “Volqo Balt 214” gəmisinə aid içərisində 1 cəsəd olan xilasedici qayıq aşkar edib. Hava şəraiti əlverişli olmadığından cəsədi qayıqdan götürmək və qayığı sudan qaldırmaq mümkün olmayıb. “NURS” quru yük gəmisi qayığı yedəyə götürərək Rusiyanın Novorosiysk limanına istiqamət alıb. Limana çatan quru yük gəmisindən götürülən cəsədin şəxsiyyətinin müəyyən edilməsi prosesi həyata keçirilib.

Cəsədin Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna məxsus olduğu aşkar edilib.