1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.
YeniAvropa xəbər verir ki, yanvarın 20-də səhər saatlarından Şəhidlər xiyabanına insan axını başlayıb. İnsanlar bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad edir, şəhid məzarları qarşısında baş əyirlər. İzdihamın arasında Bakı sakinləri ilə yanaşı, paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olar.
Bu gün bütün yollar Şəhidlər xiyabanından keçir. Bu müqəddəs məkanı ziyarət edənlər arasında hər yaşda olan insanlar var. Hər kəsin üzündə kədər və qürur hissləri görünür. Burada yaşanan izdiham xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramını bir daha parlaq şəkildə təcəssüm etdirir.