Bir neçə gün davam edən yağıntılı və qeyri-sabit hava şəraitindən sonra yanvarın 17-dən başlayaraq 19-u gündüzədək hava şəraitinin mülayimləşəcəyi, temperaturun nisbətən yüksələcəyi ehtimalı var. YeniAvropa xəbər verir ki bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında temperatur gündüz 3-7 dərəcə arasında dəyişəcək. Bəzi yerlərdə səhər və axşam duman çiskin olacaq.
"Hazırda paytaxtda müşahidə olunan temperatur iqlim normasına yaxın və bir qədər yüksəkdir”, - deyə baş hidroloq qeyd edib.
A.Verdiyev bildirib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, bəzi yerlərdə duman-çiskin olacağı gözlənilir. Yanvarın 17-də gecə və səhər yarımadanın bəzi yerlərində havanın yağıntılı olacağı ehtimalı var.
Baş hidroloq, həmçinin onu da vurğulayıb ki, həftə ərzində dağlıq ərazilərdə yağıntılı və şaxtalı hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında isə yanvarın 20-dək qar yağması gözlənilmir.