logo

Azərbaycanla Pakistan arasında təhsil sahəsində əməkdaşlıq nəzərdən keçirilib

21:29 18-01-2019 | icon 4592
Azərbaycanla Pakistan arasında təhsil sahəsində əməkdaşlıq nəzərdən keçirilib

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Quaid-i-Azam Universitetinin yeni təyin edilən vitse-rektoru, professor-doktor Məhəmməd Əli ilə görüşüb.

YeniAvropa xəbər verir  ki, universitetdə keçirilən görüş zamanı səfir Azərbaycanla Pakistan arasında ali təhsil sahəsində həyata keçirilən layihələr haqqında söhbət açıb, Bakı Dövlət Universitetində urdu dili fakültəsinin fəaliyyət göstərdiyini qeyd edib. Pakistanlı tələbələrə Azərbaycan hökuməti tərəfindən ayrılan təqaüd proqramları haqqında məlumat verən səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən Pakistanda elm və təhsil sahəsində həyata keçirilən sosial-humanitar layihələrin əhəmiyyətini vurğulayıb, bu universitetlə əlaqələrin daha da genişləndirilməsi, universitetdə Azərbaycana dair təsisatların yaradılması imkanları haqqında fikir mübadiləsi aparıb.

Məhəmməd Əli Azərbaycan ilə Pakistan arasında olan oxşarlıqların və bağların hər iki ölkənin xalqlarını daha da yaxınlaşdırdığını bildirib, Quaid-i-Azam Universitetinin Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlığı davam etdirməyə və daha da artırmağa hazır olduğunu bildirib.

Görüşdə ali təhsil sahəsində yeni əməkdaşlıq imkanlarının öyrənilməsi, tələbə və müəllim mübadiləsi, elmi tədqiqatların nəzərdən keçirilməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi qərara alınıb.

Məlumat üçün bildirilir ki, Pakistanın Quaid-i-Azam Universiteti ölkənin ən nüfuzlu və ilk yaradılmış universitetlərindəndir və bu ali təhsil ocağının rektoru Pakistan Prezidentidir.