logo

Tikilməkdə olan metro stansiyasında güclü külək də işləri dayandırmayıb- insanların sağlamlığı təhlükədə

16:22 18-01-2019 | icon 4102
Tikilməkdə olan metro stansiyasında güclü külək də işləri dayandırmayıb- insanların sağlamlığı təhlükədə

Metronun hazırda şərti adı "B3" olan stansiyasında güclü külək olmasına baxmayaraq iş dayandırılmayıb. Bir neçə saat əvvəl bu barədə redaksiyamıza məlumat verən Bakı sakinləri bildirdilər ki, səhərdən ərazidə işçilər və ağır texnika işləyir: “Kran da faktiki olaraq işlək vəziyyətdədir. Fəhlələr, texnika dayanmayıb. Halbuki aidiyyatı qurumlar açıq havada iş olmayacağı haqda açıqlama vermişdilər”.

YeniAvropa xəbər verir  ki, yanvarın 17-də Bakıda güclü külək səbəbindən açıq havada bütün işlərin dayandırılmasına dair rəsmi qurumların tapşırıqlarına rəğmən, "BakıMetropoliteni"nin tikilməkdə olan yeni "B3" stansiyasında tikinti işlərin davam etdirilməsi ilə bağlı "afn.az" araşdırma aparıb. Həmin yazını təqdim edirik.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Məcəlləyə 2-ci əlavəyə əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentindən AFN-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün ərzində küləyin sürəti 23-40 metr/saniyə arasında dəyişib. Bu isə minimum 11 baldan da çox deməkdir. Məlumat üçün qeyd edək ki, küləyin sürətinin ölçülməsi qaydalarına əsasən, 2 metr/saniyə 1 bal hesab olunur. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi də yanvarın 16-da yaydığı açıqlamada işəgötürənləri bu qaydalara riayət etməyə çağırıb. Lakin görünür, sözügedən ərazidə işləri reallaşdıran şirkət tərəfindən qanunlar və müvafiq qurumların xəbərdarlığı o qədər də vacib hesab edilməyib.“Bakı Metrosu” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AFN-ə açıqlamasında bildirib ki, B3 stansiyasında işləri bir neçə şirkət reallaşdırır: “Orada QSC-nin özü də iş görür, amma müxtəlif sifarişləri başqa şirkətlər də yerinə yetirə bilər. Bunlar hamısı tenderlə elan edilir və seçilir. Məsələn, ola bilər ki, eskalatorları bir şirkət quraşdırsın, başqa işi başqası görsün. Mən konkret iş görən şirkətlərin adlarını bilmirəm, lakin deyə bilərəm ki, indiyədək nə işlər görülüb, tikinti prosesi hansı mərhələdədir”.
Ərazidə küləkli havada işlərin davam etməsi xəbərinə cavabında isə B.Məmmədov bildirdi ki, açıq hava şəritində, hündürlükdə və kranla görülən işlərin dayandırılması ilə bağlı tapşırıq verilib: “Orada sadəcə gücləndirilmiş iş rejimində sahələrə baxış keçirilir. Bərkitmə yerləri yoxlanılır. Çünki bir dəfə tədbir görüb arxayınlaşmaq olmaz. Planlı şəkildə yoxlamalar, baxış, monitorinqlər aparılır və əlavə tədbirlər də görülür. Lazım gəldikdə bərkitmə işləri bir daha aparılır”.
(afn.az)

Tikilməkdə olan metro stansiyasında güclü külək də işləri dayandırmayıb-

Tikilməkdə olan metro stansiyasında güclü külək də işləri dayandırmayıb-

Tikilməkdə olan metro stansiyasında güclü külək də işləri dayandırmayıb-