logo

Şimal rayonlarında temperatur-13°-dək aşağı enib 

10:29 18-01-2019 | icon 2814
Şimal rayonlarında temperatur-13°-dək aşağı enib 

Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 13 dərəcəyədək aşağı düşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki,  ən aşağı temperatur Quba rayonunun Xınalıq kəndində qeydə alınıb.

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 10 sm-dən çox olub. Ən çox yağıntı Qusarın Ləzə, Qubanın Qırız, Təngəaltı, Xaltan, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Hazırda Xızının Altıağac qəsəbəsində 11 sm qar var.

Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 2-5 sm-ə çatır.

Qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

Daha təhlükəli sayılan Quba-Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib.

Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur. Bununla belə həmin istiqamətdə hərəkətdə olan sürücülərə diqqətli olmaq, hava şəraitinə uyğun sürət həddi seçmək tövsiyə edilir.