London məhkəməsi Zamirə Hacıyevanın 22 milyon funt sterlinqlik əmlakını müsadirə edir
Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib.
YeniAvropa xəbər verir ki, bu barədə Britaniya KİV-i məlumat yayıb. Xəbərdə bildirilir ki, Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən hələ də imtina edir.
KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.