Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün aparılan monitorinqləri davam etdirir. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması ilə əlaqədar verilən vaxt ötən il dekabrın 31-də başa çatsa da, həmin subyektlərin bir çoxu qeydiyyatla əlaqədar müraciət etməyiblər.
Agentliyin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qida sahəsində qanunsuz fəaliyyətin qarşısını almaq məqsədilə aidiyyəti orqanlarla birlikdə paytaxtın Səbail rayonu ərazisində 50-yə yaxın ictimai-iaşə obyektində reyd keçirib. Reydlər zamanı fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmayan, qida təhlükəsizliyi qeydiyyatından keçmədən qida sahəsində çalışan subyektlərə qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Aparılan monitorinqlər zamanı bəzi sahibkarlıq subyektləri cərimələnib, bəzilərinin isə fəaliyyəti məhdudlaşdırılıb.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.