logo

SOCAR hava şəraiti ilə əlaqədar 2500-dək neftçini təxliyə edib

19:58 16-01-2019 | icon 2450
SOCAR hava şəraiti ilə əlaqədar 2500-dək neftçini təxliyə edib

Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyə edilib.

SOCAR-dan YeniAvropa-ya bildirilib ki, yanvarın 16-sı saat 18:00-a olan məlumata görə, şirkət yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib. Bütün sahələrdə növbətçilik təşkil olunub, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədilə növbətçilər sahələrdə saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumilikdə 2500 nəfərədək neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Gözlənilən qasırğa ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə məhdudlaşdırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla birgə tədbirlərin həyata keçirilməsi, mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.

Hava şəraitinin kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq “Azəriqaz” İB-yə və Qaz İxrac İdarəsinə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.