Hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq “Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil edilməsi üçün Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən müvafiq əmr verilib.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Əmrə əsasən “Azərenerji” ASC-nin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərlərinə tapşırılıb ki, 17-18 yanvar tarixlərində enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilər iş yerlərində olsun, rəhbər vəzifəli şəxslər iş rejiminə nəzarəti gücləndirsinlər. Enerjisistemdə qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılması, Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işinə nəzarəti gücləndirilməsi də əmrdə xüsusi vurğulanıb. Eyni zamanda “Azərenerji” ASC-nin müəssisələrinin, o cümlədən mühəndis-kommunikasiya və rabitə xətlərinin mühafizəsinin gücləndirilməsinin təmin edilməsi də məqsəd olaraq qarşıya qoyulub.