Mayın 16-dan etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Rusiyanın daha bir şəhəri – Həştərxana birbaşa aviareyslərə başlayacaq.
Aviaşirkətin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Həştərxan "Buta Airways"in Rusiyadakı beşinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Moskva, Sankt-Peterburq, Kazan və Mineralnıye Vodı şəhərlərinə müntəzəm uçuşlar həyata keçirir.
"Buta Airways"in digər istiqamətləri kimi Bakı-Həştərxan (IATA:ASF) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.