Ələt qəsəbəsindəki yeni Bakı Limanı MDB ölkələri arasında “yaşıl liman” statusuna malik ilk liman olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib. Qeyd edilib ki, yeni Bakı Limanı beynəlxalq İSO 14001:2015 sertifikatlaşdırma auditini müvəffəqiyyətlə keçib. İSO 14001:2015 “Ətraf mühitin idarəetmə sistemi” üçün göstəriciləri müəyyən edir və bu standart üzrə sertifikatlaşdırma həyata keçirir. Sertifikatlaşdırma Bakı Limanının İSO 14001:2005 standartının ekoloji tələblərinə uyğun olaraq fəaliyyət göstərdiyini təsdiq edir. Bu sertifikat ən çox tanınmış və qəbul edilmiş ətraf mühit menecment standartıdır.
Bakı Limanı fəaliyyətinin ilk günlərindən ətraf mühit, ekoloji standartların tətbiqinə xüsusi önəm verir. Belə ki, hazırda “yaşıl liman” konseptinin tələblərinə uyğun olan Bakı Limanı Xəzər dənizi hövzəsində ilk belə limandır. Burada çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Həmin qurğular çirkab sularının təmizlənməsi üçün bakterioloji əsaslı sutkalıq gücü 600 kubmetr təşkil edən sutəmizləmə, gəmilərdən kənarlaşdırılan neftlə çirklənmiş suların təmizlənməsi qurğuları, yağış zamanı meydana gələn səth sularının təmizlənməsi üçün septiklərdən ibarət təmizləmə sistemidir.