logo

2018-ci ilin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 29,2 milyard dollar olub

17:57 15-01-2019 | icon 3052
2018-ci ilin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 29,2 milyard dollar olub

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac edilib, 173 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla keçən ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 29 milyard 224 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 18 milyard 928,5 milyon dollar, idxalın dəyəri 10 milyard 295,5 milyon dollar təşkil edib. Nəticədə 8 milyard 633 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Hesabat dövründə 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,6 faiz, o cümlədən ixrac 35,9 faiz, idxal 32,1 faiz artıb. Real ifadədə isə dövriyyə 1,1 faiz, o cümlədən ixrac 1 faiz, idxal 1,2 faiz çoxalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31 faizini İtaliyaya, 8,7 faizini Türkiyəyə, 6,2 faizini İsrailə, 4,6 faizini Çex Respublikasına, 4,2 faizini Hindistana, 4,1 faizini Almaniyaya, 4,0 faizini Tayvana (Çinin əyaləti), 3,3 faizini Rusiyaya, 3,2 faizini Kanadaya, hər biri 3,0 faiz olmaqla İndoneziya və Portuqaliyaya, hər biri 2,5 faiz olmaqla Gürcüstan və Fransaya, qalan 19,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 16,2 faizi Rusiya, 14 faizi Türkiyə, 10,2 faizi Çin, 5,7 faizi Almaniya, 4,9 faizi İsveçrə, 4,6 faizi ABŞ, 4 faizi Ukrayna, 3,6 faizi İran, 3,5 faizi Yaponiya, 3 faizi İtaliya, 2,4 faizi Birləşmiş Krallıq, 27,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.