Korrupsiyaya Qarşı Mübarizə İdarəsində eks-nazir Hüseynqulu Bağırovla bağlı araşdırma aparılır
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla bağlı araşdırma aparılır.
YeniAvropa xəbər verir ki, bu barədə Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 15-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən ötən il korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı KİV və QHT nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.
Mətbuat nümayəndələrinin "son vaxtlar vəzifədən kənarlaşdırılan məmurlarla bağlı mediada məlumatlar dərc olunur ki, onların xaricdə və ölkədə biznesi, çoxsaylı əmlakları var. Konkrer desək, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla bağlı belə məlumatlar dərc olunub. Korrupsiyaya qarşı mübarizə idarəsi belə məlumatlarla bağlı araşdırma aparırmı" sualına cavabında Kamran Əliyev bildirib ki, "mediada gedən bu tipli xəbərlər araşdırılır və müvafiq tədbirlər görülür".
Kamran Əliyev daha sonra qeyd edib ki, ötən il məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53,3 milyon manatın ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34,2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 73 faizi ödənilib.
Baş İdarənin rəisi qeyd edib ki, bununla yanaşı, törədilmiş və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2,6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin olunub.