OPEC və OPEC+ nazirləri gələn ay Bakıda hasilatın azaldılmasının neft bazarına təsirini müzakirə edəcəklər
OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) fevralda Bakıda keçirilməsi nəzərdə tutulan iclasında neft hasilatının azaldılmasına dair sazişə sadiqlik müzakirə olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "WAM" dövlət informasiya agentliyi məlumat yayıb. Xəbərdə qeyd edilib ki, BƏƏ-nin energetika naziri Suhail Mohamed Al Mazroueinin sözlərinə görə, görüşdə hasilatın azaldılması üzrə sazişin neft bazarına təsirləri müzakirə olunacaq. Bu da öz növbəsində tələb və təklif arasında tarazlığın təmin olunmasına kömək edəcək.
Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Bu il yanvarın 1-dən qüvvədə olan və 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib. Yeni qərara əsasən Azərbaycan gündəlik neft hasilatının bu aydan etibarən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.