logo

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin V toplantısı keçiriləcək

17:11 14-01-2019 | icon 3073
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin V toplantısı keçiriləcək

Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə energetika nazirinin müşaviri–mətbuat katibi Zəminə Əliyeva məlumat verib.

Qeyd edək ki, toplantıda “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş dövlətlərin, eləcə də digər ölkələrin nümayəndələri, layihənin səhmdarlarının və beynəlxalq maliyyə qurumlarının təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə keçən il fevralın 15-də keçirilib.

Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir. Bu, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilib. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

TANAP-la Türkiyəyə 2019-cu ildə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri bu ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. TANAP inşası üzrə işlərin təxminən 98 faizi icra olunub. TAP inşası üzrə isə işlərin 82 faizdən çoxu tamamlanıb.