Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülərək yerində yeni körpünün tikintisi başa çatdırılıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən aparılan tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib.
Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildiriblər ki, körpünün tikintisinə 2018-ci ilin iyul ayında başlanılıb. Dörd aşırımlı yeni körpünün uzunluğu 126, qabariti isə 11,5 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində piyada səkiləri inşa olunub.
Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun həyata keçirilib və 8 ballıq zəlzələyə davamlıdır. Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular da inşa edilib. Bundan başqa, körpüyə 150 metr uzunluğunda yanaşma yolları yenidən qurulub.