logo

Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinə yeni sədr seçilib

23:51 14-01-2018 | icon 2261
Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinə yeni sədr seçilib

Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransında  Firdovsi Hüseynov  RAMMM-ın yeni sədri seçilib. YeniAvropa xəbər verir ki, tədbirdə RAMMM-nin rəhbərləri, Səmərqənd, Buxara, Nəvai, Sırdərya və Daşkənd vilayətlərindəki Azərbaycan mədəniyyət mərkəzləri, həmçinin Daşkənd şəhər Mədəniyyət Mərkəzindən seçilən nümayəndələr, diasporumuzun üzvləri iştirak ediblər.

RAMMM sədrinin müavini Xasay Abdullayev konfransı açaraq bildirib ki, bu gün idarə heyətinin yeni üzvləri seçiləcək, konfransda mərkəzin hesabatı dinləniləcək, sədrin səlahiyyət müddəti başa çatdığı üçün yeni sədr və müavinləri təsdiq olunacaq.

Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi sədrinin müavini Kamaladdin İşanxocayev RAMMM-nin səmərəli işindən danışıb, mərkəzin yeni seçiləcək rəhbərliyinə uğurlar arzulayıb.

RAMMM-nin sədri Mobil Məmmədov hesabat məruzəsi ilə çıxış edib. O görülən işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, bundan sonra da Mədəniyyət Mərkəzinin səmərəli işləməsi üçün əlindən gələni əsirgəməyəcək. Sonra səsvermə yolu ilə RAMMM-in 21 nəfərdən ibarət idarə heyəti seçilib.

Həmin gün yeni seçilən idarə heyətinin ilk iclası da keçirilib. Səsvermə yolu ilə Firdovsi Hüseynov RAMMM-nin sədri, Mobil Məmmədov birinci, Xasay Abdullayev ikinci müavin, Camal Əliyev icraçı direktor seçiliblər.

Azərbaycanın əməkdar artisti Kövkəb Əliyeva, Özbəkistanda tanınan şair Əli Nəsirli, Səmərqənd vilayəti üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Əlifağa Mirzəyev və başqaları yeni sədri təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində görüləcək işlərdən danışıblar. 

Firdovsi Hüseynov etimada görə konfrans iştirakçılarına minnətdarlıq edib, görüləcək işlər və qarşıdan duran vəzifələrdən danışıb.