Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da ümumi çəkisi 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb. Belə ki, Astara rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərək kənd sakini Rüfət İsmayılovun evindən 6,3 kiloqrama yaxın həşiş, 57 qram marixuana və 10 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.
Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nətiəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Asəf Cəfərovda isə 49 qramdan çox tiryək və 480 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.