logo

Vahid Ələkbərov ötən il sərvətini  4,6 milyard dollar artarıb

21:25 05-01-2019 | icon 2667
Vahid Ələkbərov ötən il sərvətini  4,6 milyard dollar artarıb

Amerikada nəşr olunan “Forbes” jurnalı 2018-ci ildə sərvətinin miqdarı artmış və ciddi maddi itkilərlə üzləşmiş sahibkarların reytinqini tərtib edib.

YeniAvropa xəbər verir  ki, 2018-ci ildə öz kapitalını artırmış sahibkarların siyahısında “LUKoyl” şirkətinin baş direktoru Vahid Ələkbərovun da adı var. Keçən il onun sərvətinin dəyəri 4,6 milyard dollar artaraq 19,5 milyard dollara çatıb. “LUKoyl” şirkəti bildirib ki, 2018-ci ildə şirkətin gəlirinin kəskin şəkildə artması əsasən neftin və qazın qiymətlərinin artması və Rusiya rublunun zəifləməsi ilə bağlıdır. Onun səhmlərinin qiyməti 29 faiz artıb.

Amerikalı sahibkar, “Amazon.com” internet şirkətinin rəhbəri və banisi Ceff Bezos öz sərvətini 27,9 milyard dollar artırıb. 2018-ci ildə “Amazon” həm Türkiyə və Hindistan kimi inkişaf etməkdə olan ölkələrin bazarlarında mövqeyini genişləndirib, həm də rekord məbləğdə mənfəət əldə etdiyini, Nyu-Yorkda və Arlinqtonda (Virciniya ştatı) özünün ikinci qərargahını açdığını bildirib. Sentyabr ayında “Amazon” şirkətinin səhmlərinin dəyəri rekord səviyyəyə çatıb. Lakin o vaxtdan bəri satışın həcmi gözlənildiyindən aşağı olub və bu səhmlər təqribən 25 faiz ucuzlaşıb. Bununla belə, səhmlərin dəyəri keçənilki ilə müqayisədə hələ də 30 faiz yuxarıdır. Ceff Bezosun sərvətinin dəyəri 126,2 milyard dollar həddindədir.

Yaponiyalı biznesmen, “Fast Retailing Co.” şirkətinin banisi və prezidenti Tadaşa Yanayanın sərvətinin dəyəri 7 milyard dollar artıb və hazırda 27,1 milyard dollar səviyyəsindədir. “Uniqlo” ticarət şəbəkəsinin baş şirkəti “Fast Retailing Co.”nun səhmləri 2017-ci ilin dekabr ayından bəri təqribən 33 faiz bahalaşıb. “Uniqlo”nun məhsullarının beynəlxalq bazarlarda satış həcmi də sevindiricidir: bu göstərici ilk dəfə olaraq Yaponiyadakı satış həcmindən çox olub.

Amerikalı sahibkar və ictimai xadim, “Microsoft” şirkətinin banilərindən biri və əvvəllər onun ən böyük səhmdarı olmuş Bill Qeytsin sərvəti 2018-ci ildə 2,9 milyard dollar artıb. Qeyts “Microsoft” şirkətinin rəhbəri vəzifəsini çoxdan tərk etdiyinə və orada öz payının çox hissəsini satdığına baxmayaraq, proqram təminatı istehsalı üzrə ən iri transmilli korporasiyalardan biri olan “Microsoft” ona hələ də sanballı gəlir gətirməkdə davam edir. Hazırda Bill Qeytsin sərvəti 93,9 milyard dollar həddindədir.

Amerikalı mühəndis, sahibkar, ixtiraçı və investor İlon Mask 2018-ci ildə öz sərvətinin dəyərini 2,8 milyard dollar artıraraq, 22,5 milyard dollara çatdırıb. 2018-ci ildə Maskın tvittləri onun üçün xeyli problem doğurub, o cümlədən 20 milyon dollar həcmində SEC cəriməsi ödəməli olub. Buna baxmayaraq, “Model 3” elektromobilinin satışı sayəsində “Tesla” şirkətinin səhmləri ötən ili müsbət nəticə ilə başa vurub.